Şəhid Taleh Babayevin doğum günüdür. Sağ qalsaydı 60 yaşı tamam olacaqdı. Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində “Şəhidlər Unudulmur Xatirə bulağı” kompleksində başdan üçüncü şəhid Taleh Babayevun şəkli qara mərmərə həkk olunub. Səhər saat təxminən 10 radələrində Qaraçuxur Bələdiyyəsi və İcra nümayəndəliyindən bir neçə adam Şəhidlər Kompleksinə gəlib, şəhidlərimizi yad edib və şəkilləri önünə gül dəstəsi qoyublar. Eləcə də şəhidin ailəsinə baş sağlığı veriblər.
Şəhidin ailəsi yaşayan ünvana getdik. Qeyd edək ki, Taleh Babayevin ailəsi Qaraçuxur qəsəbəsi, Etibar Bəkirov küçəsində yerləşən 15 saylı köçkünlər məskunlaşan yarımçıq binanın 103 saylı mənzilində şəraiti olmayan bir otaqda məskunlaşıblar.
Şəhidin həyat yoldaşı Arzu Babayevə Taleh Babayevin keçdiyi döyüş yolundan ürək ağrısı ilə danışdı. Bildirdi ki, Taleh Kamran oğlu Babayev Ağdamın cəsur, igid oğullarından biri idi:

”1988-ci illərdə Qarabağ hadisələri başlayan zaman vətənin qeyrətli oğullarından biri kimi Taleh Babayev də könüllü şəkildə əlinə silah götürüb torpaqlarımızın müdafiəsinə qoşuldu. Milli Qəhrəman Allahverdi Bağırovun batalyonunda döyüşüb. Hərbi rütbəsi mayor idi. Batalyonda artilereya komaniri kimi ağır döyüşlərdə olub. Daşaltı əməliyyatında, Ağdamın Abdalgülablı, Murov yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Eləcə də 1992-ci il fevral ayının 26-da Xocalı soyqırımı zamanı Milli Qəhrəman Çingiz Mustafayevlə birlikdə meyit və yaralıları Ağdama daşıyıb. Taleh çox yaxşı adam, gözəl ailə başçısı idi. Səmimi və xeyirxahlığı, vətənpərvərliyi ilə seçilərdi. İmkansız ailələrə kömək edərdi. Döyüşən əsgərlərə həmişə dayaq durardı. Onların hərbi paltarına kimi alıb verərdi”.
Arzu xanım göz yaşlarını saxlaya bilməyib dedi ki, Ağdam şəhərində, Əli Bayramov küçəsində ağ mişar daşından hörülmüş iki mərtəbəli evləri vardı: ”O vaxtları orduda satqınlar çox idi. Taleh Allahverdi Bağırovla çiyin-çiyinə döyüşdüyünə görə bizim evin yerini dəqiqliklə ermənilərə məlumat vermişdilər. Erməni ordusu topla bizim evi vurub dağıtmışdı. Xoşbəxtlikdən həmin gecə evdə heç kəs yox idi. Taleh döyüşdə, mən isə uşaqları götürüb anam gilə getmişdim”.
Şəhidin həyat yoldaşı Talehin son döyüşünü belə xatırlayır: ”1993-cü il yanvar ayının 23-də Taleh evə gəlib dedi ki, bərk yorulmuşam. Hətta 22-si axşamı, 23-ə keçən gecə Ağdamın Abdalgülablı kəndinin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə əli yaralanmışdı. Dedi ki, sabah döyüşə gedəcəyik, hazırlaşmalıyıq. Hərəkətindən hiss etdim ki, sabahkı döyüş daha ağır keçəcək. Ayın 24–də böyük oğlumuzun ad günü idi. Taleh səhər tezdən evdən çıxdı, mənə dedi ki, siz yemək hazırlayın, süftə açın, dostlarımla günortaya kimi gələcəyəm. Süfrə açıldı, qohum əqrəba gəldi, amma Taleh gəlmədi. Hamı Talehin gəlişini səbirsizliklə gözləyirdi. Tez-tez həyətə çıxıb küçəyə baxırdım. Görüm Taleh gəlirmi. Vaxt keçdikcə hövsələm daralırdı, narahatçılıq hissi məni boğurdu. Düz axşam saat 5-ə kimi gözlədik.Talehdən bir xəbər çıxmadı. Nəhayət Talehin “Qəmlo” ləqəbli bir döyüşçü yoldaşı bizə gəlib onun ölüm xəbərini çatdırdı. Başım fırlandı, özümə gələ bilmədim. Sən demə döyüş Ağdamın Qaradağlı və Əfətli kəndləri istiqamətində gedib. Taleh sərrast qrantamyotla ataraq çoxlu sayda düşmən texnikasını, tankını məhv etmişdi. Özü isə qəhrəmanlıqla şəhid olmuşdu. Sarıcalı xəstəxanasına üz tutduq. Talehin cəsədi parça-parça olmuşdu. İki ayağı, bir qolu yox idi. İki saat meytlərin içindən axtarıb onun qol və ayaqlarını tapıb cəsədinə tikdilər. Göstərdiyi şücaət və igidliyə görə ona Milli Qəhrəman adı verilməli idi. Təəssüflər olsun ki, Milli Qəhrəman adının verilməsi üçün 1994-cü il may ayında verilən təqdimatı Ağdan Rayon Hərbi Komissarlığında itirdilər. Çünki ad verilməsi üçün o vaxtları bizdən 5000 ABŞ dolları istədilər. Biz isə evsiz-eşiksiz, imkansız köçkün həyatı yaşayırdıq. Talehi Ağdam şəhərində Şəhidlər xiyabanında Allahverdi Bağırovla yan-yana dəfb ediblər. Yaxşı olardı ki, Talehin qəhrəmanlığı qiymətləndiriləydi və ona Mili Qəhrəman adı veriləydi”.
Arzu xanın dedi ki, şəhidin 3 qızı, bir oğlu var. Onun sözlərinə görə övladları oxuyub diplom alıblar. Amma bu günə kimi iş olmadığından işləmirlər:

”14 nəfə ailə üzvü ilə birlikdə 23 ildir ki, şəraitsiz bir otaqda qalmışıq. Hər tərəf natəmizlik içindədir. Mənzilllə, çətin həyat şətaitimizlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “Dövlətqaçqınkom”a kimi müraciət etmişəm. Cavabları bu olub ki, yoldaşınız Ağdamda şəhid olub, gedin Ağdamda sizə ev versinlər. Şəhidləri də bölgələrə bölüblər. Biz onlardan heç nə istəmirik. Ağdamı bizə qaytarsınlar, gedib özümüzə onlardan da yaxşı ev tikərik. Keçən il şəhid ailələrinə Etibar Bəkirli küçəsində ticarət köşkləri tikib verdilər. Suraxanı RİH başçısının müavini Etibar Yolçuyevdən tələb edəndə dedi ki, gözləyin sizə də ticarət köşkü verəcəyik. Təəssüflər olsun ki, Etibar müəllim sözünə əməl etmədi. Bizə tikilən ticarət obyekti verilmədi. Bəhanəsi bu oldu ki, ölkə başçısının sərəncamı əsasında ticarət koşklərinin tikintisi dayandırılıb. Səbəb isə bəlli idi. “Dövlətqaçqınkom”un nümayəndələri gəlib bizim yaşayış tərzimizlə maraqlandılar. Bu günə kimi Suraxanı RİH-dən bizə köməklik olmayıb. Sağ olsun prezidentimizi, onun sərəncamı ilə hər ay 300 manat şəhidlərə prezident təqaüdü verilir. Iki gün bundan öncə Suraxanı RİH-nin təzə təyin edilmiş başçısı Əziz Əzizovla Neftçilər parkında görüşdük. Problemimlə maraqlandı. Biz heç bir kömək istəmirik. Yoldaşım şəhid olandan sonra onun avtomatını götürüb döyüşə getdim. Talehin döyüşçü yoldaşları ilə çiyin-çiyinə döyüşmüşəm. Nə qədər yaralı əsgərlərimizi xilas etmişəm. Bu gün torpaqlarımızda qanlı döyüşlər gedir. Itkilər verilir. Şəhidlərə ölkə başçısı diqqət və qayğı göstərir. Şəhid ailələrinə mənzil, avtomobil hədiyyə edilir. Biz bir şəhid ailəsi olaraq Suraxanı RİH-dən ev tikmək üçün 2 sot torpaq ala bilmirik”.
Şəhidin qızı Zülfiyyə Babayeva dedi ki, atası şəhid olanda onun 2 yaşı vardı: ”Atamı xatırlaya bilmirəm. Ancaq adı ilə fəxr edirik. Atamın dostları by gün də gəlib bizə baş çəkirlər. Mövcud durumumuzla maraqlanırlar. Onların hamısı Qarabağ qaziləridir. Atamın igidliyindən söz açırlar. Döyüş yolundan, xeyirxahlığından, qayğısından, vətənpərvərliyindən danışırlar. Bu günə kimi atamızın şəhid adından istifadə etməmişik. Ağdam rayonu Əhmədavar kənd orta məktəbinin ilk şəhidi atam olub. Atamın adını əbədiləşdirilməsi üçün sözügedən məktəbin adı ona verilməli idi. Biz heç kəsdən heç nə ummuruq. Təki atamın qəhrəmanlığına layiq adı dəyərləndirilsin, öz qiymətini ala bilsin”.